вторник, мая 10, 2011

The Stranger on the Road to Emmaus - 025

DÖRDÜNCÜ FƏSİL

1. Mən belə edəcəyəm, elə edəcəyəm

Yaradılışla bağlı işini bitirəndən sonra Allah öz razılıq möhürü ilə onu təsdiqlədi. O bunun çox yaxşı olduğunu elan etdi. Orada nə ağrı var idi, nə də xəstəlik. Həyat uğrunda mübarizə, nifaq və ələlxüsus da ölüm deyilən şey orada yox idi. Allahla insan arasında nadir bir münasibət, ünsiyyət və dostluq var idi. Eden yaşamaq üçün mükəmməl yer idi. Hər şey çox yaxşı idi.

Lakin bu gün biz ağrı çəkir, xəstələnirik və yalnız fərasətlilər həyat uğrunda mübarizədən salamat çıxır. Bəzən istərdik ki, yeganə problemimiz elə sözdə yola getməməyimiz olsun. Amma bunun əvəzinə, bu günün dünyanın bir çox hissələrində müharibə zülmü hökm sürür. Hər şey üzüqoylu aşağı gedir, dağılır və sıradan çıxır. Heyvanlar aləmindən tutmuş bütün insan irqinədək hər yerdə həyat sonu olmayan mübarizədən ibarətdir. Dünya artıq çox yaxşı yer deyildir? Nə baş verib?


LÜSİFER


Hər şüy elə Eden bağında başlamışdı. Bibliya Lüsifer haqqında belə deyir:

Sən Allahın bağçası olan Eden bağında idin. Cürbəcür qiymətli daşlarla... bəzənmişdin. Yezekel 28:13

Yaddan çıxarma ki, Lüsifer Allahın yaratdığı ən güclü ruh idi. Onun adı parlaq ulduz deməkdir. O, kerub adını daşıyan mələklər qrupuna aid idi. Tanrı onu xüsusi vəzifələri yerinə yetirmək üçün seçmişdi. Daşıdığı vəzifələrə görə də Lüsifer Allahın hüzuruna qalxa bilirdi.


Sən məsh edilmiş qoruyucu bir keruv idin... Allahın müqəddəs dağının üstündə idin. Yezekel 28:14


Lütsifer kamil idi. Onun haqqında deyilir ki, o inanılmaz dərəcədə gözəl və müdrik idi.

Yaradıldığın gündən... yollarında qüsursuz idin. Yezekel 28:15

Sən kamilliyin möhürüsən, müdrikliyin bütöv, gözəlliyin qüsursuz idi. Yezekel 28:12


Lüsiferin ən güclü mələk olduğuna baxmayaraq, onun başqa ruhani varlıqlar üzərində hökmranlığı barədə heç yerdə birbaşa deyilmir.

Qürur

Tarixdə yer almış növbəti hadisənin vaxtı barədə çoxlu müzakirələr aparmaq olar. Çox güman ki, həmin hadisə yaradılış tamamlanandan bir qədər sonra baş vermişdir. Bu hadisənin nə vaxt baş verdiyinə gəldikdə fikir ayrılığı ola bilər, hadisənin məğzi məsələsində isə hər şey açıq-aydındır. Bibliya deyir ki, Lüsifer qürurlandı. Onun gözəlliyi və gücü, belə demək olar ki, onun başını gicəlləndirdi. Qürur onu hakimiyyətpərəstliyə gətirdi. Lüsifer beş dəfə dedi: “Mən belə edəcəyəm, mən elə edəcəyəm”. Həmin bu “Mən belə edəcəyəm, mən elə edəcəyəm” ifadələri üzərində böyük tədqiqat işi aparmaq olardı. Ancaq, qısaca olaraq deyə bilərik ki, Lüsifer Allaha qarşı üsyan qaldırmaq istədi.


Ey parlaq ulduz, dan oğlu... Sən ürəyində dedin:
“Göylərə qalxacağam,
Taxtımı Allahın ulduzları üzərində ucaldacağam,
Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam,
Uca buludların üzərinə çıxacağam,
Haqq-Taala kimi olacağam.” Yeşaya 14:12-14


Lüsifer təkcə Göylər üzərində hakimiyyəti ələ almaq niyyətində deyildi, o hətta cürət edib Haqq-Taala kimi olmaq istədi. Lüsifer “dövlət çevrilişinə” başçılıq edərək Allahın yerini tutmağı qarşısına məqsəd qoydu. Bununla o, bütün mələklərin rəhbəri olacaqdı, kainat da onun hakimiyyəti altına düşəcəkdi. Lüsiferin ürəyi təkəbbürlü hakimiyyətpərəstliklə alışırdı.

Lüsiferin planında nəzərdən qaçmış yeganə bir boşluq var idi. Bu da Tanrının hər şüy bilməsidir. Allah hər şeyi biləndir, Lüsiferin fikirləri də Allahın nəzərindən kənar deyildi. Müqəddəs Kitab deyir ki, Allah qürura nifrət edir. Allahın nifrət etdiyi şeylər sırasında qürur birinci yerdə gedir.


Rəbbin zəhləsi altı şeydən gedir, yeddi şey var, ondan ikrah edir: təkəbbürlə baxan gözlər... Süleymanın Məsəlləri 6:16-17

Lüsifer bilərəkdən Allahın planına qarşı çıxmışdı. Yaddan çıxarmayaq ki, Allah mələkləri robot kimi yaratmamışdı. Mələklərə iradə verilmişdi. Xidmət etmək seçimləri onların suveren Allaha tabe olmaq istəklərini ifadə edirdi. Lakin mələk olmaq Lüsiferi qane etmədi. Onun ağlında o özünü mələkdən də böyük və yaxşı görürdü. Onun ürəyində qürur tapıldı və o, üsyan etməyi seçdi. Lüsifer özünün məxluq olduğuna və bu məxluqu yaradan Xaliqə həqarətlə baxdı. Lüğətə baxsaq görürük ki, “həqarətlə baxmaq” ifadəsi nifrət münasibəti; yuxarıdan aşağıya baxmaq; nifrət hissi ilə bəyənməmək; zəhləsi getmək deməkdir. Tanrı Lüsiferin münasibətini günah adlandırdı.

* Haqq-Taala Allahın adlarından biridir.

Hökm

Allah kamil olduğuna görə Lüsiferin günahına dözə bilməzdi, Lüsiferin münasibətinə də barmaqarası baxa bilməzdi. Kamillik, öz təbiətinə görə nakamlığın olmamasını tələb edir. Bibliyanı araşdırdıqca biz bu həqiqətlə dəfələrlə qarşılaşacağıq.

Allah haqdır (salehdir), səhvə yer verə bilməz.

Allahın müqəddəsliyində günaha yer yoxdur.

Günahsız olan Allah, öz hüzurunda günahın peyda olmasına dözməz.

Kainatı idarə edən fiziki qanunlar gerçək olduğu kimi bu reallıqda gerçəkdir. Lüsiferin günahına Allah dərhal cavab verdi. Allah onu Göylərdəki mövqeyindən qovaladı.

...Sən günah etdin. Buna görə də səni murdar bir şey kimi Allahın dağından atdım, odlu daşların arasından qovdum, Ey qoruyucu keruv! Gözəl olduğun üçün ürəyin qürurlandı. Əzəmətinə görə müdrikliyini korladın. Beləcə səni yerə atdım... Yezekel 28:16-17

Lüsifer səhnədən mübarizəsiz getmədi. O hələ də çox güclü bir varlıq idi, üstəlik, digər mələklərin bir çoxu da onun ardınca getdi. Bibliya baş vermiş hadisənin bəzi dəqiq təfərrüatlarını qarşımızda açır. Vəziyyəti düzgün qiymətləndirə bilməyiniz üçün mən baş vermiş hadisənin məzmununu bir ardıcıllıqda təqdim etmişəm. Belə ki, kitabı oxuduqca, burada kimin haqqında bəhs edilir məsələsində çaşqınlıq yaranmasın deyə siz mətnin müəyyən hissələrinin silindiyini və əvəzinə üç nöqtə qoyulduğunu görəcəksiniz.


Göydə başqa bir əlamət zahir oldu: ...böyük və od rəngində əjdaha göründü. Onun quyruğu göy ulduzlarının üçdə birini süpürüb yer üzünə atdı...

Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü, amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı.


O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı. Vəhy 12:3-4, 7-9


İblis, Şeytan, Demonlar (cinlər)

Müqəddəs kitab qeyd edir ki, mələklərin üçdə bir hissəsi Lüsiferin ardınca gedərək onun üsyanına qoşuldu. İndi Lüsifer İblis və ya Şeytan kimi tanındı.


Allahın adları Onun xüsusiyyətlərini təsvir etdiyi kimi, Lüsiferin də adları onun xarakterini açıqlayır. Şeytan – rəqib və ya düşmən deməkdir. İblis – yalandan ittiham edən və ya böhtan atan deməkdir. Şeytanın ardınca gedən üsyankar mələklərə isə artıq demonlar və ya şər qüvvələr (ruhlar) deyilməyə başlandı.


Odlu göl

Allah İblisi və onun şər qüvvələrini Göylərdən atmaqla həmin üsyankar ruhların mühakimə edilməsində hələ ki, birinci mərhələyə qədəm basmışdı. Bibliyada deyir ki, Allah onlara son cəza yeri də hazırlayıb, bu yerin adı...

İblislə onun mələklərinə hazırlanmış olan əbədi oddur...! Matta 25:41

Bu yerə adətən odlu göl deyərək istinad edilir. Çox vaxt cizgi filmlərində Şeytan və onun şər qüvvələrini (cinləri) qurşağacan alovun içində durub sui-qəsd hazırlayan, ziyan vurmağı planlaşdıran şəkildə təqdim edirlər. Lakin Müqəddəs Kitab bizə deyir ki, Şeytan hələ də ora atılmayıb. Bəli, Şeytan Göylərdən qovularaq yerə atılıb, amma odlu gölə hələ atılmayıb. Bir qədər sonra, Şeytan və onun cinləri ilə bağlı bir çox hadisələr baş verib bitəndən sonra o, həmişəlik olaraq həmin cəza yerinə atılacaq. Gələcəkdə baş verəcək bu hadisəyə istinadən Bibliya deyir, ki:

Onları aldadan İblis... odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək. Vəhy 20:10