понедельник, мая 09, 2011

The Stranger on the Road to Emmaus - 024

Sınaq dövrü

Bəli, Tanrı Adəmlə Həvvanı cənnət bağında yerləşdirəndə onlarla məsləhətləşməmişdi. Amma bu o demək deyil ki, Adəmlə Həvvanın seçim etmək haqqı yox idi. Tanrı insanı yaradanda ona iradə vermişdi, yəni insanın seçim etmək qabiliyyəti var. Lakin, həyatımızın bəzi sahələrinə baxanda, məsələn məhəbbət sahəsinə, biz görürük ki, orada seçim etmək mənasızdır, seçdiyini başqa şeylə müqayisə edə bilmirsənsə. Buna görə də, Tanrı insanın qarşısına iki ağac qoyub, ona çox sadə bir seçim imkanı yaratdı.

Rəbb Allah... bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi. Yaradılış 2:9


Burada ilk qeyd olunan ağac həyat ağacıdır. İnsan bu ağacdan yediyi zaman əbədi yaşayacaqdı. Burada heç bir problem yoxdur. İkinci ağac isə xəbərdarlıq nişanı idi. Bu, xeyirlə şəri bilmə ağacı idi. Adəmlə Həvva xeyirin nə olduğunu bilirdilər, amma şər – bu, başqa məsələ idi. Hər ikisi kamil varlıq olaraq yaradılmış və bütün pislik və səhv işlər barədə bixəbər idilər. Onların həyat təcrübəsi yalnız Allahın yaxşılığı çərçivəsinə sığırdı. Müqəddəs Kitab deyir ki, Adəmlə Həvva bu ağacın meyvəsindən yediyi halda xeyirlə yanaşı şərin də nə olduğunu dadmış olacaqlar.

Rəbb Allah insana əmr edib dedi: “Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən”. Yaradılış 2:16-17

Bir qədər əvvəl biz gördük ki, Tanrının qoyduğu fiziki qanunlara (misal üçün, cazibə qanunu) etinasız yanaşsaq xoşagəlməz nəticələrlə üzləşəcəyik. Qanunu poz cəzanı döz prinsipi Tanrının bütün qanun və əmrlərinə tətbiq olunur. Bəhs etdiyimiz parçada Tanrı insana çox sadə bir qayda vermişdi. “Bax bu ağacın meyvəsindən yemə.” Həmin əmrin pozulması nəticəsində insan, nə az nə də çox, sadəcə öləcəkdi. Ölüm barədə biz bir qədər sonra təfərrüatı ilə danışacağıq.

İnsanı robotdan fərqləndirən elə bu ağac idi. Yəni, insanın “yeyim ya yeməyim, itaət edim ya etməyim” seçimi var idi. Adəm və Havvaya bu seçim verildiyinə görə biz onların insanabənzər robotlar aləminə aid olmadığını başa düşürük, çünki robotlar yalnız onlara deyiləni etməyə proqramlaşdırılmış maşınlardır. “Mən sənin sözünə qulaq asacağam” deməyə proqramlaşdırılmış şəxslə öz azad iradəsinə əsasən sözə qulaq asmağı seçən şəxs arasında böyük bir fərq var. Tabe olmaq sözünə məna və dərinlik gətirəndə elə məhz bizim seçmək qabiliyyətinə malik olmağımızdır. Seçim olanda qarşılıqlı münasibətlər də əsl münasibətlər olur.

İlk insanlar qarşısında qoyulan bu məhdudiyyət heç də onları böyük ehtiyac içinə salmamışdı. Vəziyyət bəzi rəssamların təsvir etdiyi kimi acınacaqlı deyildi – sanki, Adəmlə Həvva iki böyük ağacın altında oturub başqa seçimləri qalmadığına görə iki meyvədən birinə əl atırlar. Yox, orada meyvə bol idi.

Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. Yaradılış 2:9

Onun izzəti üçün yaradılmış

Tanrı Adəm və Həvvaya seçim imkanı verməmişdi ki, onlar öz Xaliqindən qaçıb başlarına çarə qılsınlar. Əksinə, insan Allahın calalını əks etdirmək, Ona ehtiram göstərmək üçün yaradılmışdı.

Ey bizim Rəbbimiz və allahımız! Sən izzət, şərəf və qüdrət almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın, hər şey Sənin iradənlə var olub yarandı! Vəhy 4:11

Oğul öz atasının sözünə qulaq asıb itaət etməklə ona ehtiram göstərmiş olur. İnsanla Tanrı arasında da belədir. Tanrı insanı yaradanda ona iradə vermişdi ki, itaətkar seçimləri ilə insan Rəbbini şərəfləndirsin. Doğrudan da, kainatın Xaliqi olaraq, Allah insanın Ona verəcək bütün şərəfə layiqdir. Bu cür ehtiram insana heyrətamiz fayda gətirər. Müqəddəs Kitab deyir ki, insan Tanrının planına uyğun yaşayanda bəxtəvər olur, həyatından məmnun qalır və mənalı ömür sürür. Bunların hamısı Adəmlə Həvvanın qarşısında idi.

Allah onlara xeyir-dua verərək dedi: “Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin”. Yaradılış 1:28

İnsan – Tanrının dostu

Allah-Taala Adəmlə Həvvanın firavan yaşamaqlarını istəyirdi. O, əlindən gələni etmişdi ki, onların heç bir ehtiyacı olmasın.

Allah dedi: “Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız. Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq bütün yaşıl otları verirəm.” Belə də oldu. Yaradılış 1:29-30

Bibliya deyir ki, Tanrı günün sərinliyində bağa gəlib insanla gəzərdi. Adəmlə Həvvanın heç bir şər əməli və ya qüsuru olmadığına görə onlar Tanrı ilə gəzə bilirdilər. Onların kamil durumu Tanrıya qoşulmaq imkanı verirdi. Kamil Tanrının hüzurunda yalnız kamil insanlar yaşaya bilər.

Cənnət bağında kainatı Yaradanla gəzmək - bu, necə də ecazkardır! Yəqin ki, birlikdə gəzərkən Tanrı insana yaratdıqları barədə təfərrüatı ilə başa salırdı, bitki aləminin rəngarəngliyinə dair biliyini aşılayır, ağacların başında özlərinə yer düzəltmiş quşları yanına çağırır, gizlində yaşayan meşə heyvanlarını insana təqdim edirdi – bir sözlə insanın nəzərindən kənar qalanları onun qarşısına çıxarırdı. Şübhəsiz ki, Tanrı insana hər şeyi öz dəqiq axınında saxlayan qanunları da izah edirdi. Necə də gözəl tədris olmalıydı bu! Bəs Müəllimin Özü?! Bağın qeydinə qalmaq yollarını bu Müəllimdən yaxşı heç kim öyrədə bilməzdi. Dünya insanların yaşadığı ən mükəmməl yer idi.

Ancaq Allah bir növ əsəbi, tez qıcıqlanan müəllim deyildi. O, uzaqda durub özünü super professor kimi aparmırdı. Xaliq Adəmlə Həvvanın ən yaxın dostu idi. Həyatda ən mükəmməl ailə münasibətlərini axtaran, bunu, valideynlər övladına sevgi dolu nəvaziş göstərdiyi, övlad da cavabında məhəbbətdən irəli gələn itaətlə valideynlərinə ehtiram etdiyi evdə tapa bilər. Adəm və Həvvanın Tanrı ilə münasibətləri də belə münasibətlər idi. Tanrı onları sevir və qeydinə qalırdı, onlar da Rəbbə sevərək itaət edir, ehtiram göstərirdilər. Allah yaratdıqlarının bu cür olmasını istəyirdi.

Yaradılış başa çatır

Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu altıncı gün idi. Yaradılış 1:31

Hansı isə bir layihəyə başlayanda biz ona böyük həvəslə baş qoşur, maraq göstəririk, sonra isə iş yarımçıq qalır və çalışırıq onu ört-basdır edib gözümüzdən uzaq tutaq. Lakin Tanrı ilə belə deyil, O, başladığını həmişə başa çatdırır. Biz cızdığımız planı dəyişə bilərik, Allahın xarakteri isə dəyişməz olaraq qalır.

Lakin Rəbbin məsləhəti əbədi olar, ürəyinin məqsədi nəsillər ötsə də, qalar. Məzmur 33:11

Tanrı yaratdıqlarını başa çatdırdı. Bibliya deyir ki, yeddinci gün Tanrı istirahət etdi. Lakin ona görə yox ki, Tanrı gördüklərindən yorulmuşdu, amma yaratdıqlarını başa çatdırdığına görə. Bütün xilqətə nəzər yetirib yaratdıqlarından həzz almaq vaxtı gəlmişdi!

Bəs Təkamül nəzəriyyəsi?

Müqəddəs Kitab təkamül nəzəriyyəsini dəstəkləmir. Yaradılış-Təkamül müzakirəsi dinlə elm arasında çoxsaylı mübahisələrin yaranmasına səbəb olub. Bu kitabdakı söhbətimiz həmin məsələ ətrafında deyil. Lakin o məsələ barədə də düşünmək üçün bir-iki kəlmə deyək.

Əvvəla qeyd edək ki, Təkamül nəzəriyyəsini elm, Yaradılışı isə din adlandırmaq düzgün olmazdı. 1859-cu ildə Çarlz Darvin öz nəzəriyyəsini ilk dəfə dərc edəndən bəri klassik Darvinizm əsasən Neo-Darvinizm və Qeyri-müntəzəm Müvazinət Nəzəriyyəsi ilə əvəz olunub. Adı çəkilən nəzəriyyələr bir-birindən olduqca fərqlənir. Məsələni yaxşıca araşdırmış insanların əksəriyyəti Təkamül nəzəriyyəsinin əsl elm olmadığını və daha çox dini amillərə söykəndiyini iddia edirlər. Belə bir dinə əsasən Allahın mövcud olmadığına, yalnız saysız qədər zaman və şansın olduğuna inanmaq lazımdır. Bu insanlar, eləcə də, təkamül nəzəriyyəsinin ibtidai (əsas) fizika qanunlarını pozduğunu qeyd edirlər.

Digər tərəfdən Yaradılışı tamamilə din kateqoriyasına aid etmək də düzgün olmazdı. Alimlərin böyük sayı belə bir nəticəyə gəlib ki, bu qədər mürəkkəb kainatın mövcud olması yalnız onu yaradanın (Tanrı kimi) ya da yaradanların iştirakı ilə mümkün ola bilərdi. Təkcə elm nöqteyi nəzərindən çıxış edərək, onlar deyir ki, yaşadığımız dünya, onun hətta ən xırda amilləri inanılmaz dərəcədə mürəkkəbdir. Bu insanların sözlərindən bəlli olur ki, kainatın mürəkkəbliyi və nizamı ancaq kənardan düzülüb-qoşula bilərdi və burada təsadüfi şansdan söhbət də gedə bilməz. Həmin alimlərin bəziləri Bibliyaya inanmasa da, çoxu Bibliyanı layiqincə dəyərləndirir. Bu alimlər özlərini Yaradılışı dəstəkləyən alimlər qrupu adlandırır.

İyirminci əsrin altmışıncı illərində həmin mövzunu işıqlandıran çoxlu sayda yazılı materiallar dərc olunmuşu (Əlavələr bölməsinə bax). Materialın böyük qismi sadə insanın da ağlına batar. Bu məsələyə dair mövqeyinizi təyin etmədən qabaq məsləhət görərdim ki, özünüz də bu mövzu barədə kitablar oxuyub tədqiqatınızı aparasınız.

Bəzi insanlar dinozavrlar məsələsində Yaradılışın reallığına şübhə ilə yanaşır. Müqəddəs Kitaba əsasən, heç bir səbəb yoxdur ki, bu heyvanların digər heyvanlarla yanaşı Allah tərəfindən yaradılmış olduğuna inanmayaq. Dinozavrların yaşadığı zamana gəldikdə isə, onların insan yaşadığı dövrdə yaşadığına inanmaq üçün əsas var.

Digər məsələ yer üzünün yaşı ilə bağlıdır. Yer üzünün yaşı olduqca çox olsa da Bibliya bizə onun “real” yaşı barədə xəbər vermir. Doğrudur, alimlər böyük sayda və çeşiddə saat modelləri kəşf ediblər ki, onlarla kainatın yaşını müəyyən edə bilsinlər – burada astronomiya, günəş, yerlə bağlı olan və bioloji saatların adı çəkə bilərik. Bütün bu saatlar məntiqli hesablamalar aparmaq iqtidarında olsalar da, hesablanmış əsrlərə gəlincə alimlər çaş-baş qalıblar. Saat modelindən asılı olaraq əsrlərin yaşı bir neçə min ildən başlayaraq milyardlarla ilə qədər dəyişir. Darvin öz nəzəriyyəsində bioloji təkamülün yaşına 400 milyon il vermişdi. Bugünkü qiymətləndirmələrə əsasən rəqəm 4.6 milyard ildən başlayaraq dəyişir. Görəsən kimin saatı düz işləyir?

Bu məsələdə Müqəddəs Kitabı dəstəkləyən və ağlabatan cavab mövcuddurmu? Bibliyanı yaxından araşdırsaq görəcəyik ki, Tanrı yer üzünü yaradanda onu yetkin yaratmışdı. Yəni, Adəm yaradıldığı gün artıq hündür ağacların arasında gəzir, nəhəng heyvanlardan valeh olur və gecə vaxtı diqqətlə göydəki ulduzları seyr edirdi. Yəqin ki, Adəm ürəyində belə düşünürdü: “Aman Tanrım! Görəsən, bu gözəl yer nə vaxtdandır ki, buradadır!” Lakin, ola bilsin ki, Tanrı ona artıq bu barədə də demişdi – yəni, yer üzünün vur-tut altı günü var və O, bütün kainatı tam inkişaf etmiş şəkildə yaradıb. Alimlər geriyə nəzər yetirib, müşahidə etdiklərinə əsasən keçmişin necə olduğunu müəyyən etməyə çalışırlar. Müqəddəs Kitab isə yer üzünün başlanğıcı barədə həmin vaxtı öz gözü ilə görüb şəhadət edən Allahın sözünə arxalanaraq qeyd edir.

Beləliklə, Tanrı deyəndə ki, O, kainatı yaratdı, bu yalnız Onun dediyi söz idi yoxsa sözün arxasında əməli də dururdu? Biz kimə inanaq? Kimin sözünə etibar edək?

Əsrlər bundan qabaq, bir padşah dünyada tutduğu yeri barədə düşünüb belə sözlər demişdi:

Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: “İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?” Onun Allahdan bir az aşağı yaratdın, izzət və əzəmət tacını onun başına qoydun, əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun: bütün sürü və naxırları, çöldə yaşayan heyvanları, göydəki quşları, dənizdəki balıqları, dəryalarda üzənlərin hamısını. Ey Xudavəndimiz Rəbb, ismin bütün yer üzündə nə qədər əzəmətlidir! Məzmur 8:3-9