четверг, октября 07, 2010

The Stranger on the Road to Emmaus - 015

Qeyri adi zəka və qüdrət

Onun iradəsini yerinə yetirə bilməkləri üçün Tanrı mələkləri yaradanda onlara dərin zəka və qüdrət verib. Bu mələklərdən bəziləri digərlərinə baxanda daha qüdrətli idilər. Mələklər kamil varlıqlar olaraq, şərdən kənar yaradılmışdılar. Amma onlar robot da deyildilər, hər birinin öz seçimini etmək üçün azad iradəsi var idi.

Oxşar, lakin Fərqli

İnsan mələklər kimi qüdrətli və ya zəkalı olmasa da, aralarında bəzi oxşarlıqlar müşahidə olunmaqdadır. Müqəddəs Kitab deyir ki, Tanrı insanı

... mələklərdən bir az aşağı yaratdı... Məzmur 8:5

Aralarında oxşarlıqları olsa da, mələklər insandan fərqlidir. Onlar heç vaxt ölmür. Mələklər nə evlənir, nə də ki doğulur. Adətən gözə görünməsələr də, mələklər bəzi hallarda görünə də bilərlər. Onlar insanla danışdığı halda, həmin insanın başa düşdüyü dildən istifadə edirlər.

Məsh edilmiş keruv

Yaradılan ruhlar arasında ən qüdrətlisi, ən zəkalısı və ən gözəli keruv idi. Onun adı parlayan və ya dan ulduzu mənasını verən Lüsifer (parlaq ulduz) sözü ilə tərcümə olunub.

Ey parlaq ulduz, dan oğlu...! Yeşaya 14:12

Lüsiferə məsh edilmiş bir keruv kimi istinad edilir. Məsh edilmiş sözünün isə öz mənşəyi var. Bu sözün kökü qədimdə icra olunan bir ayin ilə bağlıdır – xüsusi bir tapşırığı yerinə yetirmək üçün qədimdə müəyyən bir insanın və ya əşyanın üzərinə yağ tökməklə onu Tanrı üçün ayırardılar. Bu mərasimə barmaqarası baxmaq olmazdı, o, müqəddəs sayılırdı.

Sən məhs edilmiş, qoruyucu bir keruv idin. Səni bunun üçün qoymuşdum. Allahın müqəddəs dağının üstündə idin... Yaradıldığın gündən... yollarında qüsursuz idin. Yezekel 28:14-15

Görünür, Lüsiferin vəzifəsi daim Allahın hüzurunda olmaqdan ibarət idi. Yəqin ki, o, bir növ mələkləri orada təmsil edirdi və Yaradan olan Sahiblərinə sitayişlərində onlara rəhbərlik edirdi.

Biz, bu məsh edilmiş keruv barədə bir qədər sonra daha çox öyrənəcəyik.

Səcdə

Səcdə sözü “bir şəxsin şərəfə layiq olduğunu bəyan etmək” mənasını daşıyır. Müqəddəs Kitab deyir ki, bütün mələklər Tanrıya səcdə qılırdılar.

...Hər şeyi Sən yaratdın və hamısına həyat verirsən. Səma cisimləri Sənə səcdə qılır! Nehemiya 9:6

Tanrı suveren padşah olduğuna görə elə Onun şərəfə layiq olduğunu bəyan etmək də tam yerinə düşür. Misal üçün, əgər mən dostumun əməlləri ilə öyünürəmsə, onda qıraqdan biri çıxıb dostumun bu qədər ona şərəf verməyimə layiq olub-olmadığını sual altına qoya bilər. Müqəddəs Kitab isə deyir ki, Tanrı bütün şərəfə layiqdir.

“Ey bizim Rəbbimiz və Allahımız! Sən izzət, şərəf və qüdrət almağa layiqsən! Çünki hər şeyi Sən yaratdın, hər şey Sənin iradənlə var olub yarandı”. Vəhy 4:11

Çünki əzəmətli, xariqələr yaradan Sənsən, yeganə Allah Sənsən! Məzmur 86:10

Bütün mələklər xilqətə baxır

Tanrı yaratmağa başladı. Bütün mələk ordusu da indi baxıb sevinirdi – Tanrı öz növbəti böyük əsərini yaratdı.

Əsərin adı: kainat

Əsərin mövzusu: yer kürəsi

Mən yerin təməlini qoyarkən haradaydın? Anlayışın varsa söylə. İndi ki bilirsən, de görüm, yerin ölçüsünü kim qoydu, yaxud yer üstündə ölçü xəttini kim çəkdi? Nəyin üstündə onun təməlləri quruldu? Kim onun guşə daşını qoydu? Onda dan ulduzları birgə nəğmə oxuyurdu, bütün ilahi varlıqlar sevincdən haray salırdı. Əyyub 38:4-7