вторник, июля 20, 2010

The Stranger on the Road to Emmaus - 001

BİRİNCİ FƏSİL

1. Giriş

2. Sualın qoyulması

3. Tayı-bərabəri olmayan bir kitab



1. Giriş

Miladdan sonra təxminən 33-cü il idi.

Günün günorta çağında günəşin istisi adamın kələyini kəsirdi. Hər yerə sükut çökmüşdü. Göyün quşları belə bu cür istidə oxumaqdan imtina etmişdi. Toz-torpaqlı yolla gedən Kleopas, qarşısına çıxan qurumuş palçığ komasına bir təpik ilişdirib dərindən nəfəs aldı və yanaqlarını şişirdərək, ağır-ağır nəfəsini buraxdı. Tozanağın içində gözlərini qıyıb irəli baxaraq o, qarşıdakı təpəni çətinliklə seçə bilirdi. Həmin təpənin o biri tərəfində isə Emmaus yerləşirdi, Kleopasın evi orada idi. Onlar oraya yalnız günəş batandan sonra çatacaqdılar. Adi gün olsaydı, onlar Yerusəlimdən daha tez çıxardı, çünki on kilometrlik yolu rahatlıqla 3 saata qət etmək olar. Lakin həmin gün səhər baş verən hadisələr onları yubanmağa məcbur etmişdi. Onlar daha dəqiq xəbər eşitmək üçün Yerusəlimdən gec çıxmışdılar. Emmaus o qədər də xüsusi bir yer deyildi, lakin bu gün onlar üçün o çox cəlbedidci görünürdü. Teki Yerusəlimdən, onun hay-küy salıb qışqırıb-bağıran izdihamından, Roma koqortalarından (qədim Romada təxminən 600 nəfərlik qoşun dəstəsi; legionun onda biri) və valisi Pontius Pilatusdan tezliklə aralanıb getmək “nəyə deyirsən dəyərdi”.

Fikirlər Kleopası harasa uzaqlara aparmışdı, beləki onun təngə gəlmiş yol yoldaşı öz sualını ikinci dəfə təkrarlamaqla Kleopası etdikləri söhbətə qaytardı. Onlar yol boyu o günün hadisələrini, əslində keçən bir neçə il ərzində bütün yaşananları müzakirə edirdilər. Demək olar ki, söhbətlərində toxunmadıqları və ya müzkirə etmədikləri bir incəlik artıq qalmamışdı. Kleopas yorulmuşdu, amma yorğunluq bir qırağa, Yerusəlimdə baş verənlər onu tamamilə çaş-baş qoymuşdu. Bu günlər onun həyatını elə qatıb-qarışdırmışdı ki, o öz suallarına cavab tapa bilmirdi. Təpəni aşarkən onlar döngəyə çatmışdılar ki, qəriblə görüşdülər.

Həmin günün gecəsi tələsə-tələsə hər ikisi qan-tər içində Yerusəlimə qayıdıb dostları qarşısında duranda, Emmausa yoldaikən qəribin onların arasında necə peyda olduğunu başa sala bilmirdilər. Əvvəl, Kleopas düşündü ki, qərib onların qarşısına böyük bir qayanın kölgəsindən çıxdı, amma bu fikir yoldaşının izahı ilə heç də uzlaşmırdı. Kleopas yoldaşı ilə birlikdə çaşıb qalaraq, qəribin haradan peyda olduğuna dəqiq cavab verə bilmirdilər. Nəhayət, əminsiz səslə Kleopas qəribin “bir növ heçnədən əmələ gəldiyini” söylədi. Belə bir fərziyəyə qarşı “istidən başına hava gəlib” kimi istehzalı şərhlər eşidildi.

Lakin Kleopas öz yoldaşı birlikdə bir şeydən əmin idi. Həmin o qərib adam Müqəddəs Yazını təşkil edən qədim kitablar toplusuna müraciət edərək bir neçə saat ərzində başlanğıcdan tutmuş sona qədər bütün hadisələri elə təsvir etmişdi ki, hər şey ağla batan dərəcədə öz yerinə düşmüşdü. Qəribin sözləri hər ikisinin başından bütün şübhə yaradan fikirləri və ürəklərindəki qəmi qovmuşdu. Yeni anlayış onları elə coşdurmuşdu ki, onlar dostlarına həmin o Qərib haqqında danışmaq arzusu ilə yollarından dönüb tələsərək yenə də Yerusəlimə qayıtmışdılar. Emmausa qedərkən yolda eşitdikləri xəbəri (Müjdəni) dostları da nə cür isə eşitməli idilər, axı!

Yaxşı, bəs bir çoxunu suallarla baş-başa qoyan və Bibliya kimi tanıdığımız o Müqəddəs kitab barədə Qərib nələri dedi ki, nəticədə hər şey birdən-birə başa düşüldü və böyük məna daşıdı? Həmin suala cavabı siz bu kitabda tapacaqsınız. Rahat başa düşməyiniz üçün isə, biz Qəribin etdiyi kimi edəcəyik – yəni, lap başlanğıcdan başlayacağıq.