вторник, июля 27, 2010

The Stranger on the Road to Emmaus - 008

İKİNCİ FƏSİL

1. Başlanğıcda Tanrı

2. Mələklər, səma cisimləri və ulduzlar



1. Başlanğıcda Tanrı

Müqəddəs Kitabın elə ilk sözləri olduqca dərin məna ilə doludur:

Başlanğıcda Tanrı... Yaradılış 1:1

Allahın mövcudluğuna dair burada heç bir müzakirə aparılmır - Allahın varlığı sadəcə qəbul edilir. Tanrı var olandır.

Tanrı əbədidir

Tanrı həmişə vardır. Hələ bitkilər, heyvanlar və insanların olmadığı zaman da Tanrı mövcud idi. Yer kürəsi və hətta kainatdan qabaq da O var idi. Allahın başlanğıcı yox idi, sonu da olmayacaq. Allah həmişə olub, olacaq da. Müqəddəs Kitab Tanrının əbədi keçmişdən var olub, əbədi gələcəyədək var olacağını söyləyir.

Dağlara təvəllüd verməmişdən əvvəl, Kainatı, dünyanı doğmazdan əvvəl Əzəldən axıradək Allah Sənsən. Məzmur 90:2

Tanrının əbədi olduğunu insan ağlı ilə qavramaq çətindir. Bu fikir zehinimizə çağırış atır, belə ki, çox vaxt biz "belə şey ola bilməz" deyib, onu şüurumuzun "mümkün olmayan şeylər" adlı "qovluğuna" qoyuruq. Lakin, anlayışımıza kömək edə biləcək bəzi nümunələr var, gəlin onlara nəzər yetirək. Misal üçün, əbədiyyəti kosmos ilə müqayisə edə bilərik.

Çoxumuzun Günəş sistemi, yəni günəş və ətrafında öz orbitləri boyu dolanan planetlər barədə müəyyən bir təsəvvürü var.











Günəş sisteminin ucu-bucağı olmadığını bilirik, amma fə­za­da qu­ru­lan planetlərarası stansiyalar, yəni içində insan olmayan kosmik gəmilər vasitəsilə ən uzaq məsafələri belə qət etmək mümkün olub. İndi isə, bir addım irəliyə atıb, Kainatı ölçməyə cəhd edək. Əlimizə fürsət düşüb kosmik gəmiyə minsə idik, nə əcəb olardı! Təssəvürünüzə gətirin ki, işıq surəti ilə hərəkət edən bu gəmidə biz bir saniyəyə Yer Kürəsini yeddi dəfə dolanardıq! Hə, necədi, səyahətdən ləzət aldınız? Yəgin ki, surətdən başınız bir az fırlandı! Səyahətimizi eyni surətlə kosmos istiqamətində davam etsə idik iki saniyə içində biz artıq Ayı, dörd dəqiqəyə Marsı və beş saata Plutonu keçmiş olardıq. Ondan sonra isə siz artıq Süd Yolu adlı qalaktikamıza girmiş olursunuz.

Bəli, Allahın əbədi olduğunu anlamaq çətindir, amma Kainatın nə qədər böyük olduğunu da qavramaq asan deyil. Hər ikisi dərkedilməz kimi görünür, lakin hər ikisi realdır. Müqəddəs Kitab bunu olduqca aydın şəkildə işıqlandırır. Tanrının əbədi mövcudluğu Onun təbiətinə o qədər xas olan bir mahiyyətdir ki, Bibliya "əbədi" sözünü Tanrının adına şamil edir...

...əbədi Allah olan Rəbb... Yaradılış 21:33