среда, июля 28, 2010

The Stranger on the Road to Emmaus - 010

Allah birdir

Haqq-Taala ifadəsi Tanrının kainatda tutduğu nadir mövqeyini göstərir. O ən ucadır, Ona bənzər başqası yoxdur. O tək Özü, hər şeyin üzərində Rəbb olaraq durur.

Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Yəhya 45:5

Məndən əvvəl Allah mövcud olmayıb, Məndən sonra da olmayacaq. Yeşaya 43:10

Bir böyük Tanrının digər tanrılar üzərində "yekəbaşlıq" etməsi ilə səciyyələnən "tanrılar iyerarxiyasına" heç yerdə rast gələ bilməzsiniz. Çünki Allahdan başqa bir tanrı yoxdur, nə özlüyündə mövcud olan, nə də ki, yaradılmış başqa bir tanrı yoxdur.

Rəbb... belə deyir: “Mən birinciyəm, Mən sonuncuyam, Məndən başqa Allah yoxdur. Yeşaya 44:6

Bibliya olduqca aydın və dəqiq olaraq deyir ki, Allah birdir.

вторник, июля 27, 2010

The Stranger on the Road to Emmaus - 009

Tanrının adları


Tanrının bir çox adı var, bu adların hər biri Onun xarakterini açıqlayan bir xüsusiyyət daşıyır. Bunların üçünə nəzər yetirək:

1) Mənəm

“Var Olan Mənəm”. Sonra dedi: “...belə söylə: “ deyən sizin yanınıza məni göndərdi””. Çıxış 3:14

Bu ifadəyə ən yaxın izah belə səslənə bilər: Mən var olanam və ya Mən özlüyümdə mövcud olanam. Tanrı varlığının mənbəyi O Özüdür.

Bizim qida, su, hava, yuxu və işıq kimi sayı-hesabı olmayan həyati cəhətdən vacib təminata ehtiyacımız olduğu halda, Tanrının bunlara ehtiyacı yoxdur. Allahın heç nədə ehtiyac duymur. O, özlüyündə mövcud olandır, "Mənəm" deyəndir.

2) Rəbb

Tanrının "Mənəm" adına Müqəddəs Kitabda o qədər də tez-tez rast gəlmirik, çünki bu sözün mənası Rəbb sözündə öz yerini alıb.

Sənin kimi Allah yoxdur, ya Rəbb. Sən böyüksən, əzəmətdə adın ucadır. Yeremya 10:6

Rəbb adı ilə yalnız Tanrının əbədi olaraq özülüyündə mövcudluğu vurğulanmır, bu söz eləcə də diqqətimizi Onun mövqeyinə yönəldir. Öz mövqeyinə görə Tanrı hamıdan üstün yer tutur. O, rəbblərin Rəbbidir.


3) Haqq-Taala (ən uca Tanrı)

Tanrının bu adı Rəbb adı ilə birləşərək Onun suveren hökmdar olaraq rolunu vurğulayır.

Bilsinlər ki, Sənin ismin Rəbdir, Bütün yer üzündə, ancaq Sən Haqq-Taalasan! Məzmur 83:18

Qədim imperiyaların başçıları, yəni imperatorlar bütün imperiya boyu mütləq hakimiyyətə sahib olduğı kimi, bütün Kainatın Padşahı da Haqq-Taala olan Tanrıdır.

Hətta Tanrı sözünün özü (biz onu Allah sözü ilə də tez-tez əvəz edirik) Allahın ali hökmdar mövqeyini vurğulayır. Tanrı sözü güclü olan, qüdrətli rəhbər, ən uca İlahi deməkdir.

Allahın Padşah olduğunu düşünəndə, təsəvvürümüzdə birdən-birə haradasa buludlarda, qızıl taxtı üzərində əyləşmiş ağsaqqal bir kişinin siması yarana bilər. Müqqəddəs Yazıların heç bir yerində Tanrı ağsaqqal kişi kimi təsvir edilmir. Amma burada Tanrının taxtına istinadlar tapa bilərik. Və, yenə də, həmin taxt haradasa buludlar içində deyil, lakin göylərdə bərqərar olunmuş müqəddəs bir məbəddədir.

Rəbb Öz müqəddəs Məbədindədir, Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var, gözünü açar, Bəşər övladlarına diqqətlə baxar. Məzmur 11:4

Tanrı göylərdən hökm sürür. Biz Göylər haqqında o qədər də çox bir şey bilmirik, amma bildiyimiz belə inanılmazdır. Bu barədə təffərüatı ilə bir qədər sonra söz açacağıq, hələlik isə Tanrının bütün Kainat üzərində Ali Hökmdar olduğunu bilməyimiz yetər.

The Stranger on the Road to Emmaus - 008

İKİNCİ FƏSİL

1. Başlanğıcda Tanrı

2. Mələklər, səma cisimləri və ulduzlar



1. Başlanğıcda Tanrı

Müqəddəs Kitabın elə ilk sözləri olduqca dərin məna ilə doludur:

Başlanğıcda Tanrı... Yaradılış 1:1

Allahın mövcudluğuna dair burada heç bir müzakirə aparılmır - Allahın varlığı sadəcə qəbul edilir. Tanrı var olandır.

Tanrı əbədidir

Tanrı həmişə vardır. Hələ bitkilər, heyvanlar və insanların olmadığı zaman da Tanrı mövcud idi. Yer kürəsi və hətta kainatdan qabaq da O var idi. Allahın başlanğıcı yox idi, sonu da olmayacaq. Allah həmişə olub, olacaq da. Müqəddəs Kitab Tanrının əbədi keçmişdən var olub, əbədi gələcəyədək var olacağını söyləyir.

Dağlara təvəllüd verməmişdən əvvəl, Kainatı, dünyanı doğmazdan əvvəl Əzəldən axıradək Allah Sənsən. Məzmur 90:2

Tanrının əbədi olduğunu insan ağlı ilə qavramaq çətindir. Bu fikir zehinimizə çağırış atır, belə ki, çox vaxt biz "belə şey ola bilməz" deyib, onu şüurumuzun "mümkün olmayan şeylər" adlı "qovluğuna" qoyuruq. Lakin, anlayışımıza kömək edə biləcək bəzi nümunələr var, gəlin onlara nəzər yetirək. Misal üçün, əbədiyyəti kosmos ilə müqayisə edə bilərik.

Çoxumuzun Günəş sistemi, yəni günəş və ətrafında öz orbitləri boyu dolanan planetlər barədə müəyyən bir təsəvvürü var.











Günəş sisteminin ucu-bucağı olmadığını bilirik, amma fə­za­da qu­ru­lan planetlərarası stansiyalar, yəni içində insan olmayan kosmik gəmilər vasitəsilə ən uzaq məsafələri belə qət etmək mümkün olub. İndi isə, bir addım irəliyə atıb, Kainatı ölçməyə cəhd edək. Əlimizə fürsət düşüb kosmik gəmiyə minsə idik, nə əcəb olardı! Təssəvürünüzə gətirin ki, işıq surəti ilə hərəkət edən bu gəmidə biz bir saniyəyə Yer Kürəsini yeddi dəfə dolanardıq! Hə, necədi, səyahətdən ləzət aldınız? Yəgin ki, surətdən başınız bir az fırlandı! Səyahətimizi eyni surətlə kosmos istiqamətində davam etsə idik iki saniyə içində biz artıq Ayı, dörd dəqiqəyə Marsı və beş saata Plutonu keçmiş olardıq. Ondan sonra isə siz artıq Süd Yolu adlı qalaktikamıza girmiş olursunuz.

Bəli, Allahın əbədi olduğunu anlamaq çətindir, amma Kainatın nə qədər böyük olduğunu da qavramaq asan deyil. Hər ikisi dərkedilməz kimi görünür, lakin hər ikisi realdır. Müqəddəs Kitab bunu olduqca aydın şəkildə işıqlandırır. Tanrının əbədi mövcudluğu Onun təbiətinə o qədər xas olan bir mahiyyətdir ki, Bibliya "əbədi" sözünü Tanrının adına şamil edir...

...əbədi Allah olan Rəbb... Yaradılış 21:33

The Stranger on the Road to Emmaus - 007

Əhdi Ətiq və Əhdi Cədid

Müqəddəs Kitabın icmalına başlayarkən, Müqəddəs Yazının iki əsas hissəyə bölündüyünü qeyd etməyimiz lap yerinə düşərdi. Bu hissələri Əhdi Ətiq və Əhdi Cədid təşkil edir. Tarixi baxımdan Əhdi Ətiq özü də digər iki hissəyə bölünürdü:

1. Musanın qanunu (bəzən ona Tövrat, Musanın kitabları ya da sadəcə Qanun deyilir);

2. Peyğəmbərlər (bir qədər sonra bu hissənin tərkibindən Yazılar adında üçüncü bölüm də qeyd olunmağa başlamışdı).

Beləliklə, Müqəddəs Yazılarda “qanun və peyğəmbərlər” ifadəsinə rast gələndə, bunun bütövkülə Əhdi Ətiqə istinad edildiyini başa düşmək lazımdır. Bu, Müqəddəs Kitabın təxminən üçdə iki hissəsini təşkil edir, yerdə qalan üçdə bir hissəyə isə Əhdi Cədid deyilir.

Tanrının Sözü

Müqəddəs Kitabın fərqli hissələrə bölünməsini yadda saxlamaq yaxşı olardı. Amma bundan daha da vacib bir məqam var. Yadda saxlamaq lazımdır ki, Müqəddəs Kitab, yəni Bibliya Allah Kəlamı olduğuna iddialıdır. Bu, Tanrının bütün bəşəriyyətə çatdırmaq istədiyi Sözdür. Deyilənə görə, biz Müqəddəs Kitabın səhifələrini nəzərdən keçirərək Allahla tanış ola bilərik. Bu iddia isə hətta ən biganə insanı belə vaxt ayırıb, Bibliyada yazılanlara fikir verməyə vadar etməlidir.

Ya Rəbb, Sənin Sözün əbədi olaraq bərqərardır... Məzmur 119:89

понедельник, июля 26, 2010

The Stranger on the Road to Emmaus

Dear readers of "The Stranger...", please send your feedback on your readings to strangeronemmaus@yahoo.com

Hörmətli "The Stranger..." adlı kitabın oxucusu, oxuduğunuz material barədə sual və şərhlərinizi bu ünvana göndərə bilərsiniz: strangeronemmaus@yahoo.com

воскресенье, июля 25, 2010

The Stranger on the Road to Emmaus - 006

Maksimal dəqiqlik

Peyğəmbərlər Allahın Sözlərini tumara yazırdı, bu adətən ya xüsusi emaldan keçmiş heyvan dərisi, ya da bitki liflərindən hazırlanmış papirus idi. Əlyazmaların orijinalına avtoqraf deyilirdi. Avtoqraflar o qədər də uzun ömürlü olmadığı üçün həmin tumarların surəti çıxarılırdı. Təbii ki, bütüm surətlər də əlyazma şəklində idi. Müqəddəs Yazını köçürənlər Yazının Allah Kəlamı olduğunu dərindən dərk edirdi, buna görə də Müqəddəs Kitabın surəti çıxarılması dünyada ən böyük dəqiqliyi əks etdirən sənətə çevrilmişdi.

Qədim ibrani dilində yazarkən,

Köçürənlər, mətnin əslinə maksimal dərəcədə sadiq qalsınlar deyə, işləri nə qədər ağır və ya yorucu olursa olsun, ağla batan və hətta “batmayan” hər cür ehtiyyat tədbirlərini istifadə edirdilər. Onlar hər kitabda ayrıca olaraq bütün hərfləri sayıb, ortaya düşən hərfi müəyyən edirdilər. Eyni qayda sözlərə də tətbiq olunurdu, sözlər sayılır və ortaya düşən söz qeyd edilirdi.

Orijinal avtoqrafın onun surəti ilə tamamilə eyni olduğuna əmin olmaq üçün həmin əməliyyat hər iki əlyazma ilə aparılırdı.

Müqəddəs Yazını köçürənlər öz işlərində o dərəcədə dəqiqliyə riayət edirdilər ki, Ölü Dənizin Əlyazmaları tapılıb (bu əlyazmalar Miladdan əvvəl təxminən 100-cü ildə yazılmışdı) yüz illər boyunca yenidən və yenidən surəti çıxarılan min il sonrakı əlyazmalar (Miladdan sonra 900-cü il) ilə müqayisə ediləndə mətnlər arasında gözəçarpan fərqlərin olmadığı aşkar edildi.

Miladdan sonra birinci yüzillikdə yaşayan yəhudi tarixçisi Flavili Yusif bu vəziyyəti öz xalqına təsvir edərək belə demişdi: Xalğımızın irsi olan bu kitablara verdiğimiz dəyər gördüyümüz əməllərdən açıq-aşkar bəlli olur. Çünki artıq neçə əsrin keçdiyinə baxmayaraq əlyazmaları köçürənlərdən hələ heç kim cürət edib orijinal mətnə nə əlavələr edib, nə onu dəyişdirib, nə də ki mətndən nəyi isə xaric edib. Bütün Yəhudilər təbiitən... bu kitabları ilahi hesab edərək..., onlara ehtiram göstərir.

Bu insanlar tamamilə əmin idi ki, Müqəddəs Yazının mətninə “əl gəzdirib” onu dəyişdirmək, Tanrının işinə qarışmaq, yəni cinayət törətmək deməkdir. Belə ki, bü gün əlimizdə tutduğumuz Bibliya mətninin peyğəmbərlərin yazdığı ilə eyni olduğuna şübhəmiz qalmamalıdır.

Bütün meyarlarına görə Bibliyanın tayı-bərabəri olmadığı bir kitab olduğuna dəlalət var. Buna görə də, Müqəddəs Kitab kimi tanıdığımız Bibliyanın bəşəriyyət tarixində ən çox istinad edilən, ən çox yenidən nəşr edilən, ən çox tərcümə edilən və ən çox təsir göstərən kitab olması heç bir təəcüb doğrultmur.

суббота, июля 24, 2010

The Stranger on the Road to Emmaus - 005

Allahdan ilham almış

Çox vaxt Müqəddəs Yazı kimi istinad edilən Bibliya qeyd edir ki, ...

Hər Müqəddəs Yazı Allahdan ilham almış... 2 Timoteyə 3:16

Müqəddəs Yazının Allahdan ilham alması anlayışının özü ayrıca araşdırmaya dəyən bir mövzudur. İnsan nəfəsini buraxanda həmin nəfəs onun daxili varlığından gəldiyi kimi Müqəddəs Yazıya da Tanrının “hasil etdiyi məhsul” olaraq baxmaq lazımdır. Tanrı və Onun Sözləri bir-birindən ayrılmazdır, buna görə də Müqəddəs Kitaba çox vaxt Allahın Sözü olaraq istinad edilir.

Lap sadə dilə çevirsək, bunu belə təsvir edə bilərik: Tanrı bəzi insanlara qeydə alınmasını istədiyi şeyləri söylədi, o insanlar da bunları yazdı. Bu insanların bir çoxuna peyğəmbər deyildi.

QƏDİMLƏRDƏ, müxtəlif vaxtlarda və tərzlərdə peyğ;əmbərlər vasitəsilə əcdadımıza xitab edən Allah. İbranilərə 1:1

Bu gün peyğəmbərlər haqqında düşünəndə, biz onları “gələcəyi deyən şəxslər” qismində yozmağa meylliyik. Lakin Müqəddəs Kitabın yazıldığı dövrdə peyğəmbər əvvəla Allahın sözlərini insanlara çatdıran elçi sayılırdı. Bəzən peyğəmbərin çatdırdığı xəbər qələcək hadisələrə də aid edilirdi, amma, yenə də, çox vaxt peyğəmbər vasitəsilə Allahdan gələn söz gündəlik həyatla bağlı məsələlərə toxunurdu.
Tanrı peyğəmbərləri elə yönəldirdi ki, qələmə alınanlar dəqiqliklə Tanrının istədiyi sözlər olurdu. Eyni zamanda, O hər bir yazıçıya öz nadir yazı üslubunda Allahın Sözünü yazmağa icazə vermişdi. Təbii ki, Yazı fərdi yazı üslubunda qələmə alınsa da, burada səhvə yol verilə bilməzdi. Bu insanların Müqəddəs Yazıya öz şəxsi fikirlərini əlavə etmək və ya nəyisə təhrif etmək haqqı yox idi.

Çünki peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın müqəddəs insanları, Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar. 2 Peter 1:21

Müqəddəs Kitabın orijinal dilindən “hərəkətə gətirilmək” kimi tərcümə edilmiş ifadə Bibliyanın başqa bir yerində iflic olmuş insanın dostları tərəfindən daşınması üçün istifadə edilib. Elə həmin əlil insan öz gücü ilə gəzə bilmədiyi kimi, peyğəmbərlər də Müqəddəs Yazını öz anlayışlarına əsaslanıb yazmamışdılar. Bu məsələni Bibliya olduqca aydın işıqlandırır – bu, başlanğıcdan sona qədər Tanrının Sözü idi.