понедельник, июля 26, 2010

The Stranger on the Road to Emmaus

Dear readers of "The Stranger...", please send your feedback on your readings to strangeronemmaus@yahoo.com

Hörmətli "The Stranger..." adlı kitabın oxucusu, oxuduğunuz material barədə sual və şərhlərinizi bu ünvana göndərə bilərsiniz: strangeronemmaus@yahoo.com

воскресенье, июля 25, 2010

The Stranger on the Road to Emmaus - 006

Maksimal dəqiqlik

Peyğəmbərlər Allahın Sözlərini tumara yazırdı, bu adətən ya xüsusi emaldan keçmiş heyvan dərisi, ya da bitki liflərindən hazırlanmış papirus idi. Əlyazmaların orijinalına avtoqraf deyilirdi. Avtoqraflar o qədər də uzun ömürlü olmadığı üçün həmin tumarların surəti çıxarılırdı. Təbii ki, bütüm surətlər də əlyazma şəklində idi. Müqəddəs Yazını köçürənlər Yazının Allah Kəlamı olduğunu dərindən dərk edirdi, buna görə də Müqəddəs Kitabın surəti çıxarılması dünyada ən böyük dəqiqliyi əks etdirən sənətə çevrilmişdi.

Qədim ibrani dilində yazarkən,

Köçürənlər, mətnin əslinə maksimal dərəcədə sadiq qalsınlar deyə, işləri nə qədər ağır və ya yorucu olursa olsun, ağla batan və hətta “batmayan” hər cür ehtiyyat tədbirlərini istifadə edirdilər. Onlar hər kitabda ayrıca olaraq bütün hərfləri sayıb, ortaya düşən hərfi müəyyən edirdilər. Eyni qayda sözlərə də tətbiq olunurdu, sözlər sayılır və ortaya düşən söz qeyd edilirdi.

Orijinal avtoqrafın onun surəti ilə tamamilə eyni olduğuna əmin olmaq üçün həmin əməliyyat hər iki əlyazma ilə aparılırdı.

Müqəddəs Yazını köçürənlər öz işlərində o dərəcədə dəqiqliyə riayət edirdilər ki, Ölü Dənizin Əlyazmaları tapılıb (bu əlyazmalar Miladdan əvvəl təxminən 100-cü ildə yazılmışdı) yüz illər boyunca yenidən və yenidən surəti çıxarılan min il sonrakı əlyazmalar (Miladdan sonra 900-cü il) ilə müqayisə ediləndə mətnlər arasında gözəçarpan fərqlərin olmadığı aşkar edildi.

Miladdan sonra birinci yüzillikdə yaşayan yəhudi tarixçisi Flavili Yusif bu vəziyyəti öz xalqına təsvir edərək belə demişdi: Xalğımızın irsi olan bu kitablara verdiğimiz dəyər gördüyümüz əməllərdən açıq-aşkar bəlli olur. Çünki artıq neçə əsrin keçdiyinə baxmayaraq əlyazmaları köçürənlərdən hələ heç kim cürət edib orijinal mətnə nə əlavələr edib, nə onu dəyişdirib, nə də ki mətndən nəyi isə xaric edib. Bütün Yəhudilər təbiitən... bu kitabları ilahi hesab edərək..., onlara ehtiram göstərir.

Bu insanlar tamamilə əmin idi ki, Müqəddəs Yazının mətninə “əl gəzdirib” onu dəyişdirmək, Tanrının işinə qarışmaq, yəni cinayət törətmək deməkdir. Belə ki, bü gün əlimizdə tutduğumuz Bibliya mətninin peyğəmbərlərin yazdığı ilə eyni olduğuna şübhəmiz qalmamalıdır.

Bütün meyarlarına görə Bibliyanın tayı-bərabəri olmadığı bir kitab olduğuna dəlalət var. Buna görə də, Müqəddəs Kitab kimi tanıdığımız Bibliyanın bəşəriyyət tarixində ən çox istinad edilən, ən çox yenidən nəşr edilən, ən çox tərcümə edilən və ən çox təsir göstərən kitab olması heç bir təəcüb doğrultmur.

суббота, июля 24, 2010

The Stranger on the Road to Emmaus - 005

Allahdan ilham almış

Çox vaxt Müqəddəs Yazı kimi istinad edilən Bibliya qeyd edir ki, ...

Hər Müqəddəs Yazı Allahdan ilham almış... 2 Timoteyə 3:16

Müqəddəs Yazının Allahdan ilham alması anlayışının özü ayrıca araşdırmaya dəyən bir mövzudur. İnsan nəfəsini buraxanda həmin nəfəs onun daxili varlığından gəldiyi kimi Müqəddəs Yazıya da Tanrının “hasil etdiyi məhsul” olaraq baxmaq lazımdır. Tanrı və Onun Sözləri bir-birindən ayrılmazdır, buna görə də Müqəddəs Kitaba çox vaxt Allahın Sözü olaraq istinad edilir.

Lap sadə dilə çevirsək, bunu belə təsvir edə bilərik: Tanrı bəzi insanlara qeydə alınmasını istədiyi şeyləri söylədi, o insanlar da bunları yazdı. Bu insanların bir çoxuna peyğəmbər deyildi.

QƏDİMLƏRDƏ, müxtəlif vaxtlarda və tərzlərdə peyğ;əmbərlər vasitəsilə əcdadımıza xitab edən Allah. İbranilərə 1:1

Bu gün peyğəmbərlər haqqında düşünəndə, biz onları “gələcəyi deyən şəxslər” qismində yozmağa meylliyik. Lakin Müqəddəs Kitabın yazıldığı dövrdə peyğəmbər əvvəla Allahın sözlərini insanlara çatdıran elçi sayılırdı. Bəzən peyğəmbərin çatdırdığı xəbər qələcək hadisələrə də aid edilirdi, amma, yenə də, çox vaxt peyğəmbər vasitəsilə Allahdan gələn söz gündəlik həyatla bağlı məsələlərə toxunurdu.
Tanrı peyğəmbərləri elə yönəldirdi ki, qələmə alınanlar dəqiqliklə Tanrının istədiyi sözlər olurdu. Eyni zamanda, O hər bir yazıçıya öz nadir yazı üslubunda Allahın Sözünü yazmağa icazə vermişdi. Təbii ki, Yazı fərdi yazı üslubunda qələmə alınsa da, burada səhvə yol verilə bilməzdi. Bu insanların Müqəddəs Yazıya öz şəxsi fikirlərini əlavə etmək və ya nəyisə təhrif etmək haqqı yox idi.

Çünki peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın müqəddəs insanları, Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar. 2 Peter 1:21

Müqəddəs Kitabın orijinal dilindən “hərəkətə gətirilmək” kimi tərcümə edilmiş ifadə Bibliyanın başqa bir yerində iflic olmuş insanın dostları tərəfindən daşınması üçün istifadə edilib. Elə həmin əlil insan öz gücü ilə gəzə bilmədiyi kimi, peyğəmbərlər də Müqəddəs Yazını öz anlayışlarına əsaslanıb yazmamışdılar. Bu məsələni Bibliya olduqca aydın işıqlandırır – bu, başlanğıcdan sona qədər Tanrının Sözü idi.

пятница, июля 23, 2010

The Stranger on the Road to Emmaus - 004

3. Tayı-bərabəri olmayan bir Kitab

Bibliyanın tayı-bərabəri olmayan bir kitab olduğuna şübhə yoxdur. Əslində, o, ümumilikdə altmış altı kitabın külliyatını təşkil edən bir kitabdır. Müqəddəs Kitab kimi tandığımız Bibliyanın nadirliyindən yazan müəlliflərdən biri onu belə təsvir etmişdi:

Bu kitab:

1. 1500 ildən çox zaman ərzində yazılıb;

2. 40 nəsili ötən zaman ərzində yazılıb;

3. Hər cür peşə sahibi olmuş 40-dan çox müəllif tərəfindən yazılıb, burada padşahları, əkinçiləri, şairləri, dövlət xadimlərini, alimləri və digərlirini qeyd etmək olar:

Məsələn:

Musa – Misirin ali məktəblərində təlim keçmiş siyasi rəhbər idi;

Peter – balıqçı idi;

Amos – çoban idi;

Yeşua – ordu generalı idi;

Nehemiya – saqi idi;

Daniel – baş nazir idi;

Luka – həkim idi;

Süleyman – padşah idi;

Matta – vergi yığan idi;

Paul (Pavel) – ravvin (mürəbbi) idi;

4. Müxtəlif yerlərdə yazılıb:

Musa səhrada

Yeremiya zindanda

Daniel sarayda

Paul həbsxanada

Luka səyahət edəndə

Yəhya Patmos adasında

5. Müxtəlif zamanlarda yazılıb:

Davud müharibə dövründə

Süleyman əmin-amanlıq zamanında

6. Müxtəlif əhval-ruhiyyə hallarında yazılıb: bəziləri həyatlarının sevinc dolu günlərini yaşayarkən, digərləri isə kədər və çarəsizlik içində;

7. Üç qitədə yazılıb: Asiya, Afrika və Avropada;

8. Üç dildə yazılıb: İbrani, Arami və Yunan dillərində;

9. Nəhayət, müzakirəyə qoyulmalı yüzlərlə mövzunu əhatə edir. Lakin, Müqəddəs Kitabın müəllifləri onu, Başlanğıc kitabından tutmuş ta Vəhy kitabına qədər tam həmahəng və ardıcıllıqla yazıblar. Bütün kitab boyu bir hekayə təsvir olunur...


Elə biz də ilahiyyat məfhumlarına girişmədən, sadə dildə həmin hekayəyə nəzər yetirmək istəyirik. Bibliya özünü Allahın dediyi Söz olaraq təqdim edir, bu, onun tayı-bərabəri olmayan bir kitab olduğunu vurğulayan ən önəmli xüsusisyyətdir.

четверг, июля 22, 2010

The Stranger on the Road to Emmaus - 003

2. Riyaziyyat prinsipi

İkinci prinsip, bizim hər dəfə istifadə etdiyimiz prinsiplərdəndir. Yeni bir məfhumu öyrənərkən onun təməlinə söykənib anlayışı artırmaq həmişə kömək edir – məlum olan şeydən naməlum olana tərəf hərəkət et. Bağçadakı uşaqlara riyaziyyat elmini aşılayarkən, siz cəbr fənnini öyrətməklə başlamırsınız. Yəqin ki, əvvəl siz onları əsas rəqəmlərlə tanış edəcək və sadə şeylərdən başlayıb mürrəkkəb şeylərə doğru irəliləyəcəksiniz. Riyaziyyatın təməl anlayışlarını öyrənməkdən faz keçsəniz, onda cəbrin ən sadə əsaslarını belə qavraya bilməyəcəksiniz.

Elə Müqəddəs Kitabı başa düşmək də buna bənzər bir şeydir. Təməl əsaslara göz yumsanız, onda Müqəddəs Kitab barədə yaranan anlayışınızda bəzi qəribə və ya qeyri-adi fikirlər yer alacaq və bunun nəticəsində qarşınızda qatma-qarışıq bir mənzərə yaranacaq – yəni, “puzzle”-da olduğu kimi, nəzərdə tutulmuş şəkil əvəzinə qarşınıza əcaib bir “rəsm əsəri” çıxacaq. Bu kitabda biz təməl əsaslardan başlayaraq fəsil-bə-fəsil öyrənəcək və öyrəndiyimizə əsasən biliyimizi artıracağıq.

3. Üstünlük vermə prinsipi

Əsas məqamlara üstünlük vermək kimi təsvir etdyimiz üçüncü prinsip, məzmunu sizə tanış olmadığı hər hansı bir öyrənilən mövzuya tətbiq edilə bilər. Buradakı fikir, əvvəla ən vacib məqamları öyrənməkdən ibarətdir.
Müqəddəs Kitaba baxsanız, orada mövzu çeşidinin inanılmaz dərəcədə rəngarəngliyini görəcəksiniz. Lakin bütün bu mövzular eyni əhəmiyyət dərəcəsində deyil. Bu kitabda biz diqqəti bir əsas mövzuya yönəldəcəyik – həmin mövzu, Müqəddəs Kitabın ən əhəmiyyətli mövzusu sayılır. Bu mövzunu başa düşəndən sonra Müqəddəs Kitab sizin üçün olduqca dərin, lakin eyni zamanda sadə bir məna daşıyacaq.

4. Aydınlığı saxlama prinsipi

Dördüncü prinsip olduqca vacib bir prinsipdir. Araşdırdığın mövzunu başqa mövzularla qarışdırma – bir mövzunu bitir, sonra digərinə keç.

Müqəddəs Kitab bir çox fərqli məsələlərə müraciət edir. Bunu, səhifələrində böyük çeşiddə milli yemək və xörəklərin hazırlanma qaydası təsvir edilmiş elə Azərbaycanın öz mətbəxinə səyahət kitabına bənzətmək olar. Ənənəvi olaraq, Müqəddəs Kitab Tanrı (Allah), Mələklər, İnsan, Peyğəmbərlik və s. kimi mövzulara bölünüb. Belə bir bölgünün aparımasında əsas niyyət oxucunun anlayışına xidmət etməkdir, lakin bu sahədə ehtiyatla davranmaq lazımdır. Bəzi insanlar mövzular arasında müəyyət oxşarlıqlar aşkar etməklə oradakı fikirləri bir müstəviyə gətirməyə meylli olur, bu isə çox vaxt əsl mənanı təhrif etməklə nəticələnir.

Bunu, “aş” və “xaş” sözlərinin bir-birinə oxşar olduğuna görə sizin aş hazırlayarkən xaşın hazırlanma qaydasına müraciət etməyinizə bənzətmək olar. İndi təsəvvürünüzə gətirin ki, aş hazırlamaq üçün düyünü xaşın hazırlanma qaydasına uyğun olaraq bir gecə qazanda qaynaya-qaynaya qoysanız süfrəyə nə çıxaracaqsınız!

Ayrı-ayrı mövzuların qarışdırılması nəticəsində bu gün dünyaya bir çox fərqli kilsə qrupları, dinlər və sektalar göz açıb. Onlar fərqli dərəcə nisbətində Müqəddəs Kitabı öz kitabları hesab edir. Görürsüz, aş xaşla qarışdırılıb. “Puzzle”-da əcaib bir mənzərə yer alıb. Bəzi hallarda, bu qarışıqlıq çox cüzidir. Lakin belə bir qatma-qarışıqlığın fəlakətli nəticələr gətirdiyi vəziyyətlər də mövcuddur.

Müqəddəs Kitabı öyrənərkən siz, qeyri-iradi olaraq bir mövzunu yarımçıq qoyub digərinə atlasanız çaşıb qalacaqsınız – sizin “puzzle” hissəcikləriniz bir-birinə uzlaşmayacaq. Müqəddəs Kitabın tədqiqində də özbaşnalığa yol verməmək üçün biz bu kitabı bir mövzunun araşdırılmasına həsr edəcəyik.

среда, июля 21, 2010

The Stranger on the Road to Emmaus - 002

2. Sualın qoyulması

Dayanıb yaxşıca düşünsəniz, onda belə bir nəticəyə gələcəksəniz ki, Müqəddəs Kitabda yazılanı başa düşmək üçün sizə verilən həyatın bir neçə saatını sərf etmək olduqca məntiqə uyğundur və bunu etməyə doğrudan da dəyər.

Yüz illər boyunca bu kitab belə adlanan “bestseller” sayılıb. Cüzi savadı olan adam belə Müqəddəs Kitabın ümumi məzmununu anlamalıdır. Müqəddəs Kitabın nüfuzu barədə danışarkən, onun lazımınca yüksək olmadığını təəssüflə qeyd etmək lazımdır. Bu nüfuzun aşağı olmasına səbəb isə kitabın yazısı deyil, lakin özünü bu kitabın pərəstişkarı sayıb, həyatında böyük səhvlər etmiş insanların (çox vaxt da məhşur şəxslərin) nümunəsidir.

Lakin Müqəddəs Kitab dəyişilməyib. Riyakarlar ya da tənqidçilərin dediklərinə baxmayaraq, bu kitabla tanış olub onu anlamağınız olduqca faydalıdır. Bu, sizin həm qəlbinizdə sülhün olması üçün, həm də həyat və ölümə baxışınızda düzgün münasibətin formalaşması üçün xeyirlidir.

“Puzzle” oyunu

Çox vaxt Müqəddəs Kitabı bir növ “puzzle” oyununa bənzətmək olar. Bununla, onun mənasının gizli olduğunu demək istədiyim kimi, xahiş edirəm, başa düşməyin. Sözüm odur ki, Müqəddəs Kitabı dəqiq anlamaq üçün onun bütün parçaları düzgün qaydada bir araya gətirilməlidir. Bunu isə, biz öyrənmənin dörd təməl prinsipini tətbiq etməklə həyata keçirə bilərik.

1. Hekayəni nəql etmə prinsipi

Birinci prinsip, tarixi öyrənərkən ya da hekayə oxuyarkən xüsusi önəm daşıyır. Sadə dillə desək, bu prinsipi belə təsvir etmək olar – başdan başla və ardıcıl olaraq sona qədər davam et. Bu nə qədər sadə və bəlli bir məsələ kimi görünsə də, bir çoxları Müqəddəs Kitabı qırıq-qırıq hissələrlə oxumağa meyl göstərir və vaxt ayırıb onları bir araya gətirməyi düşünmür.

Bu kitabda biz Müqəddəs Kitabın əsas hadisələrinə müraciət edəcək və onları məntiqə uyğun ardıcıllıqda yerləşdirəcəyik – yəni, yuyulmuş paltarların zivədən səliqə ilə sərilməsinə bənzər qaydada. Yalnız əsas hadisələrə müraciət edəcəyik deyə, “zivədə” bəzən boş qalmış yerlər də olacaq. Ümumi mənzərə qarşınızda yaranandan sonra, istəsəniz, həmin boşluqları da, növbəti addım olaraq, doldurmaq olar.
Müqəddəs Kitabda yer almış bütün hekayələr “zivəmizə” sığmasa da, bizim tədqiq edəcəyimiz hadisələr ardı kəsilməyən bir əhvalatı qarşımıza çıxaracaq. Əgər siz oxumağı sevən oxuculardansınızsa, onda bu kitabı oxuyub başa çatdırarkən Müqəddəs Kitab sizə tamamilə aydın olacaq. Ona inanıb inanmamağınız – sizlikdir. İnanacağınıza böyük ümid bəsləyirəm, amma yenə də, seçim sizindir. Mənim vəzifəm isə sizə bu kitabı aydın başa düşməyiniz üçün kömək etməkdir.

вторник, июля 20, 2010

The Stranger on the Road to Emmaus - 001

BİRİNCİ FƏSİL

1. Giriş

2. Sualın qoyulması

3. Tayı-bərabəri olmayan bir kitab



1. Giriş

Miladdan sonra təxminən 33-cü il idi.

Günün günorta çağında günəşin istisi adamın kələyini kəsirdi. Hər yerə sükut çökmüşdü. Göyün quşları belə bu cür istidə oxumaqdan imtina etmişdi. Toz-torpaqlı yolla gedən Kleopas, qarşısına çıxan qurumuş palçığ komasına bir təpik ilişdirib dərindən nəfəs aldı və yanaqlarını şişirdərək, ağır-ağır nəfəsini buraxdı. Tozanağın içində gözlərini qıyıb irəli baxaraq o, qarşıdakı təpəni çətinliklə seçə bilirdi. Həmin təpənin o biri tərəfində isə Emmaus yerləşirdi, Kleopasın evi orada idi. Onlar oraya yalnız günəş batandan sonra çatacaqdılar. Adi gün olsaydı, onlar Yerusəlimdən daha tez çıxardı, çünki on kilometrlik yolu rahatlıqla 3 saata qət etmək olar. Lakin həmin gün səhər baş verən hadisələr onları yubanmağa məcbur etmişdi. Onlar daha dəqiq xəbər eşitmək üçün Yerusəlimdən gec çıxmışdılar. Emmaus o qədər də xüsusi bir yer deyildi, lakin bu gün onlar üçün o çox cəlbedidci görünürdü. Teki Yerusəlimdən, onun hay-küy salıb qışqırıb-bağıran izdihamından, Roma koqortalarından (qədim Romada təxminən 600 nəfərlik qoşun dəstəsi; legionun onda biri) və valisi Pontius Pilatusdan tezliklə aralanıb getmək “nəyə deyirsən dəyərdi”.

Fikirlər Kleopası harasa uzaqlara aparmışdı, beləki onun təngə gəlmiş yol yoldaşı öz sualını ikinci dəfə təkrarlamaqla Kleopası etdikləri söhbətə qaytardı. Onlar yol boyu o günün hadisələrini, əslində keçən bir neçə il ərzində bütün yaşananları müzakirə edirdilər. Demək olar ki, söhbətlərində toxunmadıqları və ya müzkirə etmədikləri bir incəlik artıq qalmamışdı. Kleopas yorulmuşdu, amma yorğunluq bir qırağa, Yerusəlimdə baş verənlər onu tamamilə çaş-baş qoymuşdu. Bu günlər onun həyatını elə qatıb-qarışdırmışdı ki, o öz suallarına cavab tapa bilmirdi. Təpəni aşarkən onlar döngəyə çatmışdılar ki, qəriblə görüşdülər.

Həmin günün gecəsi tələsə-tələsə hər ikisi qan-tər içində Yerusəlimə qayıdıb dostları qarşısında duranda, Emmausa yoldaikən qəribin onların arasında necə peyda olduğunu başa sala bilmirdilər. Əvvəl, Kleopas düşündü ki, qərib onların qarşısına böyük bir qayanın kölgəsindən çıxdı, amma bu fikir yoldaşının izahı ilə heç də uzlaşmırdı. Kleopas yoldaşı ilə birlikdə çaşıb qalaraq, qəribin haradan peyda olduğuna dəqiq cavab verə bilmirdilər. Nəhayət, əminsiz səslə Kleopas qəribin “bir növ heçnədən əmələ gəldiyini” söylədi. Belə bir fərziyəyə qarşı “istidən başına hava gəlib” kimi istehzalı şərhlər eşidildi.

Lakin Kleopas öz yoldaşı birlikdə bir şeydən əmin idi. Həmin o qərib adam Müqəddəs Yazını təşkil edən qədim kitablar toplusuna müraciət edərək bir neçə saat ərzində başlanğıcdan tutmuş sona qədər bütün hadisələri elə təsvir etmişdi ki, hər şey ağla batan dərəcədə öz yerinə düşmüşdü. Qəribin sözləri hər ikisinin başından bütün şübhə yaradan fikirləri və ürəklərindəki qəmi qovmuşdu. Yeni anlayış onları elə coşdurmuşdu ki, onlar dostlarına həmin o Qərib haqqında danışmaq arzusu ilə yollarından dönüb tələsərək yenə də Yerusəlimə qayıtmışdılar. Emmausa qedərkən yolda eşitdikləri xəbəri (Müjdəni) dostları da nə cür isə eşitməli idilər, axı!

Yaxşı, bəs bir çoxunu suallarla baş-başa qoyan və Bibliya kimi tanıdığımız o Müqəddəs kitab barədə Qərib nələri dedi ki, nəticədə hər şey birdən-birə başa düşüldü və böyük məna daşıdı? Həmin suala cavabı siz bu kitabda tapacaqsınız. Rahat başa düşməyiniz üçün isə, biz Qəribin etdiyi kimi edəcəyik – yəni, lap başlanğıcdan başlayacağıq.