пятница, декабря 04, 2009

“Sadiq Dostumuz” Dr. Karl Stivens


4 DEKABR

“SADİQ DOSTUMUZ”

Yəhya 15:13-15 – “Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız. Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim”.

İnsan münasibətlərinin ən müqəddəs növü – bu, Çarmıxdan keçirilmiş dostluqdur. Bir çoxları bu münasibətlərin Çarmıxın imtahanından keçməsinə icazə vermədiyinə görə həqiqi dostluq münasibətlərinin nə olduğunu bilmir.

Nigahda da dostluq elementinin olmamasına tez-tez rast gəlmək olar. Məsələn, elə ola bilsin ki, keçmişdə vurulan yaralara görə özünü son dərəcə əminsiz hiss edən zövcənin yüksək diqqətə ehtiyacı var. Lakin əgər ər Tanrının dostluq prinsiplərinə əsaslanan münasibətləri arvadı ilə qurub saxlamağı bacarmayıbsa, onda emosional sıçrayışlar zamanı o öz arvadını anlayıb örtmək əvəzinə, mənfi reaksiya göstərə bilər.

Bibliya deyir ki, dostları uğrunda canını qurban verən adamın dostluğundan üstün dostluq yoxdur. İsa Öz şagirdlərinə deyirdi, “Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız. Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim”.

Düşünün! İsa Məsih bizim haqqımızda hər şeyi bilir. Elə şey yoxdur ki, Ondan gizli qalsın, amma yenə də O bizim şəxsi dostumuz olmaq istəyir.

Dost əldə etmək barəsində danışırsınız? Bizim Dostumuz var! Biz bütün kainatda ən əziz, ən sadiq, ən nəzakətli dosta malikik: bu, İsa Məsihdir, Tanrının Oğlu. Buna görə Ona şükür edin və Onun adını izzətləndirin.

четверг, декабря 03, 2009

Psalm 121:4

"Sizə bol həyatı verirəm" Dr. Karl Stivens


3 DEKABR

"SİZƏ BOL HƏYATI VERİRƏM"

Yəhya 10:10 – “Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun”.

Bizim xristian həyatımız – özlüyündə bu dünyada böyük bir möcüzədir. İsa gəldi ki, biz həyata, “bol həyata” malik olaq. Biz cismə güvənməməliyik. Bütün diqqətimizi Tanrını izzətlədirməyə yönəldəndə, biz vəziyyətlər, ətrafdakı insanlar və ya başqa şeylər ilə yayınmamalıyıq. Ata Oğulu izzətləndirdi. Oğul Atanı izzətləndirdi. Müqəddəs Ruh Oğulu izzətləndirdi. Buna görə nə ediriksə, qoy bu, Tanrının izzəti üçün olsun.

“Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin. Yəhudilərin, Yunanların yaxud Allahın kilsəsinin büdrəməsinə səbəb olmayın, necə ki mən də hər şeydə hər kəsi razı salmağa çalışıram. Bunu öz xeyrim üçün yox, çoxlarının xeyri üçün edirəm ki, onlar da xilas olsun” (1 Korinflilərə 10:31-33).

Bu bəndlərə uyğun hərəkət edin.

Dua edərkən, təsəvvürünüzə gətirin ki, siz səmavi taxt otağına üz tutub gedirsiniz. Burada Tanrı vəsatətlərinizi dinləyir və onlara cavab vermək istəyir. Ənənəvi sözləri unudun. Sizin qarşınızda Tanrı və Onun Dirilməsi ilə şəxsi ünsiyyət üçün yol açılıb. O bizimlə Öz Kəlamı vasitəsilə danışır, biz isə hay veririk. Bu bizim yaşaya biləcəyimiz qarşılıqlı münasibətlərin ən gözəl formasıdır.

среда, декабря 02, 2009

"Tanrını izzətləndir" Dr. Karl Stivens


2 DEKABR

"TANRINI İZZƏTLƏNDİR"

Zəbur 50:23 – “Kim ki şükür qurbanı təqdim edir, Məni şərəfləndirir. Doğru yol tutan şəxsə Allahın xilasını göstərəcəyəm”.

Fəal xristian olmaq üçün biz gərək hər zaman Müqəddəs Ruh ilə dolu olaq. Biz Ruhda gəzməliyik. Bizdə bol şəkildə yaşayan və Ruhun Qılıncı olan Allahın Kəlamı bütün həyatımızın ruhani əsasını təşkil etməlidir. Yer üzündə həyatımın məqsədi budur: “Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin” (1 Korinflilərə 10:31). Bu möhtəşəm və müqəddəs bir şərəfdir.

Xaricdə xidmətdə olanların çoxu, məhz belə hərəkət edir. Bizlərdən çoxları elə burada, kilsəmizdə səy ilə xidmət edir, yorulmadan çalışır. İcazə verin sizi bir-biriniz üçün dua etməkdə ruhlandırım və heç vaxt unutmayın: “şükran edən Tanrını izzətləndirir”.

Tanrıya odda izzət verin (Yeşaya 24:15). Xəstəlik alovunda, ehtiyac, ağrı və inkar alovunda Onu izzətlədirin. Əgər siz dua edib, lakin ürəyiniz istədiyini almadan, yolunuzu yenə də od-alov içində davam edirsinizsə, Onu izzətləndirin. İsa Məsihin yolunda həyatlarını sərmiş bir çoxlarında olduğu kimi, xristian olduğunuza görə siz də əzablardan keçirsinizsə, Ona izzət verin (1 Peter 4:16).

Tanrını sizə verdiyi mərhəmətə görə izzətləndirin (Romalılara 15:9). Tanrıdan aldığımız mərhəmət hədiyyəsinə görə Onu yüksəltməkdə, ucaltmaqda, Ona ehtiram göstərməkdə və Onu dünyaya aşkar etməkdə O Özü bizə kömək edəcək. Gəlin Tanrını hamımız birlikdə və bir səslə izzətləndirək (Romalılara 15:6).

вторник, декабря 01, 2009

"Canlı imanı izhar et" Dr. Karl Stivens


1 DEKABR

"CANLI İMANI İZHAR ET"

Qalatiyalılara 1:15-16 – “Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim”.

Biz, xristianlar, dərk edirik ki, xalqımızın problemlərinin həlli bizdən başlayır. İsa Məsih dedi, “Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm” (Yəhya 12:32), bununla O, çarmıxda ölümü ilə Tanrını izzətləndirəcəyini və Onun əzəldən mövcud olan məqsədinin yerinə yetirəcəyini qabaqcadan bildirir.
Tanrı bizi Öz lütfü ilə dəvət edib ki, Oğlunu bütün dünyaya bizdə izhar etsin. Çarmıx həyatımızda ucaldılanda, biz İsa Məsihin varlığını tanıyır və Onun həyatını aşkar edirik. Məhz bununla O izzətlənir və bununla da son nəticədə qəlblər xilas olur.
Üçlüyün hər bir şəxsiyyəti tam vəhdət və nümunəsi ilə bizi məhəbbətdə, əliaçıqlıqda, ehtiramda və qarşılıqlı xidmətdə irəli aparan hakimiyyəti əks etdirir. Üçbirliyin təbiətini qəbul etməklə və Rəbbə bizdə Öz həyatını izhar etməyə icazə verməklə, biz Tanrını izzətləndiririk.
Tanrı bizimlə ürəkdən ürəyə danışmaq istəyir. Göylərdən bizə ilhamla hədiyyə verilənlərin ifadəsi olmaq – hər birimizin müqəddəs və təntənəli vəzifəsidir. Lakin yalnız Tanrı ilhamlandırdığını işıqlandıra bilər. O gərək bizdə Onun səlahiyyətini tanıyan canlı imanı üzə çıxarsın. Ruhun ikiağızlı, məqsədyönlü və qüdrətli qılıncı olan bu Canlı Kəlam bizi insani ruhumuzda cismani özşüurlu həyatdan üzü Tanrışüurlu həyata döndərərək yenidən dəyişir. Qoy bu fikirlər ürəyinizə yol tapıb, Tanrıya olan ehtiyacınızı ödəmək üçün qəlbinizin dərinliklərində kök salsın.

суббота, ноября 28, 2009

1 Thesalonians 5:18



Gəlin birlikdə Rəbbimizə minnətdar olaq və gözəl mahnı ilə Ona sitayiş edək!